Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Hər bir azərbaycanlı xalqımızın ən böyük mənəvi sərvəti olan Ana dilimizə qayğı ilə yanaşmalıdır

0

  •          İnsanın tam xoşbəxt olması üçün doğma vətəni,
    doğma dili olmalıdır. Maraqlıdır ki, başqa xalqlar ”doğma dil” dedikləri halda,
    Azərbaycanda Ana Dili deyilir…

            Azərbaycanın
    ən qədim sərvəti, 50 milyon insanı birləşdirən vasitə, öz gözəlliyi, sadəliyi,
    təbiiliyi ilə seçilən dil-Azərbaycan dili. Azərbaycan dili böyük inkişaf yolu
    keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili
    son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini
    zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.

            Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti
    dövründə diqqət yetirilən əsas sahələrindən olub. AXC hökumətinin 1918 - ci il
    27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət
    dili elan edildi.

            Azərbaycanda
    Sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSRİ Ali
    Sovetinin qərarı ilə 1937 - ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət
    dili olması barədə maddə əlavə olunsa da, bu qərar heç də uğurlu olmadı. Nəhayət,
    Respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin
    dövlət dili olması barədə maddə daxil edildi.

          Azərbaycan
    Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da
    inkişaf etdirilməsi istiqamətində yeni üfüqlər açıldı. Müstəqil Azərbaycanın
    1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında
    Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutdu. Konstitusiyasının 21-ci
    maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Dili Azərbaycan
    Dilidir və Azərbaycan Respublikası Azərbaycan Dilinin inkişafını təmin edir.

          Ulu
    öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm
    verildi. Bu istiqamətdə müxtəlif taleyüklü fərmanlar, sərəncamlar qəbul olunurdu.
    Doğma dilinə hər zaman həssaslıqla yanaşan Ulu öndərimiz dilimiz haqqında belə
    deyirdi: ”Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə
    sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl,
    zəngin dilimiz var”.

            Ulu
    öndərin dilimizə olan qayğısı, sevgisi hər an öz bəhrəsini verirdi. 2001-ci il
    iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında “Fərman
    imzalandı. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla
    yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil
    edildi, həmin problemlərin həlli yolları göstərildi. Dahi rəhbərin “Azərbaycan əlifbası
    və Azərbaycan dili gününün təsis edilməsi haqqında “2001-ci il 9 avqust tarixli
    Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan
    dili günü kimi qeyd edilir.

           Azərbaycan
    dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı
    istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti
    dövründə də davam etdirilir. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də
    “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
    haqqında “sərəncam imzaladı. Sərəncama əsasən, dərslik, elmi əsər və lüğətlərin,
    bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap
    olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi
    baxımından əhəmiyyətli oldu.

          Bu gün
    hər bir kəs əminliklə deyə bilər ki, Azərbaycan dili müstəqil bir dövlətin
    dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçısının hər
    zaman diqqət mərkəzində olan mühüm məsələlərindəndir. Hər bir azərbaycanlı öz vətəndaş
    borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan Ana dilinə
    qayğı ilə yanaşmalı,onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir.
    Bu yolla biz dilimizi qoruyub nəsildən - nəslə ötürməliyik.

     
    Sevda Məmmədova, Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib43 dəfə
    Hər bir azərbaycanlı xalqımızın ən böyük mənəvi sərvəti olan Ana dilimizə qayğı ilə yanaşmalıdır

    Maraqlı gələ bilər
    0
    50